Sayğılı oxucularım!
Sizə qovuşa bilmək arzusu məni bütün yazılarımı kitab olaraq yaymağa həvəsləndirdi. Bu arzumu doğrultmaq üçün bir vətədaşın sözünə inanıb maddi imkanlarımla işə başladım. Pul məndən yaymaq səndən, belə oldu qərarımız. Uzun sözün qısası: Kərəm Əslisinə çatdı, mən kitabıma yox! Uzun bir zamandan sonra min sayda yayılacaq kitabdan bir neçə sayı görə bildik! O da ən yazıq ən cılız bir biçimdə! Amma ən acısı da bu oldu ki, həmin vətəndaşın adı da mənin zavallı kitabımın ilk səhifəsinə yük oldu: kitabı HAZIRLAYAN olaraq!!! Bununla da yazılarımı yaymaq həvəsi məni deyil o vətəndaşı arzusuna çatdırdı!!! Bu da mənim üçün böyük bir təsəlli! Beləliklə əlimdə əsa və ayağımda çarıq (hər ikisi də dəmirdən) yola düzəldim. Az getdim üz getdim, dərə-təpə düz getdim, gəlib mən də hamının vardığı sehrli bir saraya çatdım; dünyanı özündə yerləşdirən, internet deyilən bir saraya. Sizi də orda gördüm, məndən çox-çox qabaq oraya çatmış olan sizi!!! Indi sizinlə bir yerdəyəm; dağarcığımda olanları önünüzə qoymuşam. Kiməsə verə biləcəyim heç nəyim yoxdur əslində, bu bir gətirdiyimdən başqa: Ana dilimizə sonsuz vurğunluq! Budur ruhumda sönməyən od. Milli varlığımızda əsən bu dondurucu qara yellər zamanında, mənim bütün yazılarımdan qəlbinizdə bir doğma dil istiliyi duya bilsənizsə əgər, mən də bir kiçik təsəlli almış olaram. Sağ olun. ƏZİZ SƏLAMİ |